Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur
10. Ənənələr
və Mənim Zərfim
Vermək və səxavətli olmaq Mənim sifətlərimdəndir; Xoş o kəsin halına ki, özünü Mənim məziyyətlərimlə bəzəyir.
—Həzrət Bəhaullah
Bütün bəxşişlər və ianələr Ruhani Məhfilin Xəzinədarına verilməlidir.
—Həzrət Şövqi Əfəndi
Əgər bir şəxs öz ianəsini son dərəcə məmnuniyyətlə vermək istəyirsə, onun qəbuluna izn verilir, əks halda bizim mərhəmətli Rəbbimiz bütün bəşəriyyətdən asılı deyildir.
—Həzrət Bəhaullah
“Çağlayan Çeşmə”nin bu buraxılışında biz Allah yolunda səxavətlə və fədakarcasına xidmət etməkdə bizə mane olan psixoloji əngəlləri müzakirə etməyə davam edəcəyik. Mədəni və ya əqli olub olmamasından asılı olmayaraq bu psixoloji əngəllər bizim Həzrət Bəhaullaha xidmətimizi necə təqdim etdiyimizi diktə edir. Keçən əsrin 90-cı illərində mən Ağcabədi və Bərdədə yaşadığım vaxt Qarabağ müharibəsi qurbanları üçün ev tikməyə kömək edən humanitar QHT-də işləyirdim. Mənim Hilal adlı bir iş yoldaşım var idi. Biz yaxşı dostlaşmışdıq. O, incəsənətlə maraqlanırdı: şeir oxuyur, klassik Muğama qulaq asır, Segah oxuyur və təcrübəli xəttat idi. O, həmçinin mömin adam idi və öz əməlləri ilə Allaha səmimi itaət edirdi. Bir layihədən digərinə maşınla getdiyimiz zaman biz tez-tez həyatın ruhani cəhətlərindən söhbət edərdik. Səyahət və yolçuluqda nəsə ruhani bir şey vardır ki, bu da bizim ruhumuzu düşünməyə sövq edir.
Zaman-zaman mən diqqət yetirirdim ki, Hilal öz maşınında Nəzir (sədəqə) qismində “Məmməd-Əmin” (Azərbaycanın köhnə əskinazının el arasında adı) yığır. Onun üzərində dua oxuduqdan sonra Hilal pulu öz avtomobilinin cihaz panelində qoyur və onu xeyriyyəçilik üçün verənə qədər orada saxlayırdı. Bəzən bu nəzirlər cihaz panelində həftələrlə qalırdı. O, həmişə yolun kənarında Allah yolunda öz ianəsini vermək üçün yaxşı nəzir qutusu axtarırdı. Öz nəzirini hara atmaq məsələsində o, kifayət qədər ehtiyatlı idi, çünki bütün qutuların nəzir üçün yaradıldığına inanmırdı. Bir dəfə o, öz nəzirini Yevlax yaxınlığında qutuların birinə atmış, lakin bir qədər sonra avtomobil sürərkən qəzaya uğramışdır. Nəticədə o, belə bir qənaətə gəlmişdir ki, bəzi nəzir qutuları müdafiəni təmin etmirlər.
Nəzir qutusunun üstündə yazılıb - Yolun tikintisi üçün Allah yolunda nəzir ver
Mənim başa düşdüyüm qədər, Hilal zəngin adam idi. O, pulu şax 100-lük ABŞ dolları əskinazlarında yığır, onları Xalq qəzet səhifələrinə büküb öz soyuducusunda saxlayırdı. Hilalla işlədiyim 18 ay ərzində mən heç cür başa düşə bilmədim ki, nəyə görə o, Allah yolunda hərdən-bir cəmi bir “Məmməd-Əmin” (US $0,25) ianə verir. O, mənim heç vax nəzir qutusuna pul atmadığıma diqqət yetirmişdir və bu barədə mənə nəsihət verməyə çalışırdı. Səmimi qardaş sevgisi ifadəsi ilə o, məni inandırmağa çalışırdı ki, ianə vermək lazımdır və deyirdi ki, bu Alllahın sevgisi və xeyir-duası yolunda mühüm addımdır. Mən heç vaxt səxavətli və fədakar ianələrin arxasında duran ilahi hikməti başa düşmək cəhdlərim barədə düşüncələrimi bölüşmürdüm, lakin o, öz əcdadlarından çox şeyi öyrənmişdi və öz etiqadlarına əmin idi.
Məmməd-Əmin Rəsulzadə, Azərbaycan siyasətçisi, alimi, ictimai xadimi və Azərbaycan Demokratik Respublikasının (1918-1920) ilk Prezidenti olmuşdur
Hər dəfə mən onun maşınının cihaz panelinə baxanda bu cür təhsilli tarixçini, musiqiçini, şairi və Allaha sadiq bir insanı bəşəriyyətə öz töhfəsini bu şəkildə etməyə nəyin məcbur etdiyi barədə yalnız gümanlar qura bilirdim. Bir dəfə biz Qaratəpə adlanan yerdə bir restorana nahara getdik. Hesabı gətirəndə Hilal onu özünün ödəcəyini israr etdi; o, hesabı verdi, lakin ofisiant qayıdıb “Məmməd-Əmin”lərdən birini geri qaytararaq dedi ki, pul çox köhnə və cırıqdır. Hilal ayağa qalxaraq restoran sahibi qarşısında tam itaətkarcasına üzr istəyib əskinazı dəyişdi.
Bir qədər sonra biz maşına oturanda mən gördüm ki, o, həmin cırıq pulu cihaz panelinə qoydu və dedi ki, artıq neçə vaxtdı bu puldan canını qutarmaq istəyir, lakin heç kim onu qəbul etmir. O, izah etdi ki, Sovet dövründə cırıq pulları dəyişdirmək olardı, lakin Qarabağ müharibəsindən və Sovet İttifaqının dağılmasından sonra bu, çətin məsələdir. Mən ondan soruşdum: “Əgər bu pulu heç kim qəbul etmirsə, nəyə görə siz onu Allaha təklif edirsiniz? Siz inanırsınız ki, O, bunu qəbul edəcək?” Hilal məni sakitləşdirərək dedi ki, onun bir planı var. O, dedi ki, həmin pulu Yevlax yaxınlığındakı işləməyən nəzir qutusuna atacaqdır. Həmin gün mən başa düşdüm ki, müasir dünyada insanlar nəzir qutusuna necə baxırlar. Onlar artıq insanlara lazım olmayan pulların yığımı üçündür. Lakin yetkinliyin bu yeni dövründə Allah yolunda ianə nəsə daha böyük bir şey olmalıdır.
Qəlbimin dərinliklərində mən tam səmimiyyətlə inanıram ki, ritual ianələrdən fərqli olaraq əsl səxavətliliyin, fədakarlığın və bəşəriyyətə xidmətin öyrənilməsi Hilal kimi səmimi və Allahı sevən bir şəxsiyyətin ruhani nəhəngə çevrilməsi gücünə malikdir. Mənim üçün Hilalın hekayəsi tarixdə bizim mərhələmizin parlaq nümunəsidir - köhnə dünya nizamı bağlanır və Həzrət Bəhaullahın Yeni Dünya Nizamı açılır. Köhnəlmiş ənənələrin qalıqları mövcuddur, lakin onlar tədricən əvəzlənir. Biz öz vaxtımızı, gücümüzü və malımızı bəşəriyyətin çiçəklənməsinə bəxş etmək üçün zəruri olan yeni vərdişləri, biliyi və intizamı qarşılamağa səylə çalışmalıyıq.
Hilal çox işləyirdi və onun hər şeyi var idi, lakin o, həmişə öz şəxsi həyatına görə narahat idi. Bir dəfə o, xora xəstəliyinə tutuldu və onu təcili Bakıya apardılar. Mən bir daha onu heç vaxt görmədim. Bəlkə də, onun öz səxavətli qəlbinin tərbiyəsinə daha yaxşı yanaşması olsaydı, o, daha sağlam və sevincli olardı. Ən azından, Kristin Smit və Hilari Devidsonun “Səxavətliliyin təzadı: verdikcə - artırırıq, tamahkarlıq etdikcə - itiririk” adlı yeni tədqiqatında deyilir: “səxavətlilik çox vaxt beyində və bədəndə məmnunluq və mükafatlandırma təcrübəsini artıran kimyəvi proseslərə səbəb olur, stresi azaldır və ağrını kəsir ki, bu da, bir qayda olaraq, xoşbəxtlik və sağlamlığın artmasına gətirib çıxarır”.
Nəzir qutusu kimi köhnə ənənələrin taleyini başa düşmək bizim adımızın Ruhani Məhfilin zərfləri üzərində yazılmasının vacibliyini başa düşməyimizə kömək edir. Bütün bunlar hamısı bəşəriyyətin hazırkı yeniyetməlik dövrü üçün Həzrət Bəhaullahın Zühuru tərəfindən əsaslı surətdə yaradılmışdır. Bu gün kimsə özündə yeni vasitələr dəsti ilə səxavətlilik ruhunu inkişaf etdirməmişdirsə, qəzetə bükülüb soyuducuda gizlədilmiş yüz dollarlıq əskinazlar dəstələri ilə xoşbəxt ola bilməz.
Əsas sual bundan ibarətdir ki, əgər Hilal öz ianəsini, üzərində adı yazılmış zərfə qoysaydı, o, həmin cırıq pulu vermək barəsində heç düşünə bilərdimi? Mənim Hilalı tanıdığıma görə “Heç vaxt” deyə bilərəm! Onda Allah qorxusu var idi. Sadəcə onun öz möminliyini ifadə etmək üçün yaxşı kanalı olmamışdır; əvəzində onun tənha və küləklərin sovurduğu yolun qırağındakı nəzir qutusu var idi. Həqiqətən də Allah qorxusu bizim hamımıza Rəbbimizin hədiyyəsi olaraq bizi özümüzə qarşı nalayiq və yaraşmaz əməllərdən qorumaq üçün verilmişdir.
Allah qorxusu (xofu) dünyanın bütün insanları üçün həmişə etibarlı müdafiə və güvənli qala olmuşdur. Bu, bəşəriyyətin hifzi üçün əsas səbəb və onun qorunması üçün ali vasitədir. Həqiqətən, insanda elə bir qabiliyyət vardır ki, onu dəyərsiz və layiqsiz olan şeylərdən çəkindirir və qoruyur və bu həya hissi kimi məlumdur.
—Həzrət Bəhaullah
Biz Allahdan qorxmağı, tərifəlayiq əməllər etməyi, layiqli və yaraşan, sizin məqamınızı ucaltmağa xidmət edən şeyləri görməyinizi nəsihət edirik.
—Həzrət Bəhaullah
Əmrin maraqlarının o yer və ya ölkədə irəlilədilməsi kimi birmənalı məqsəd üçün bütün bəxşişlər və ianələr Məhfilin Xəzinədarına verilməlidir.
—Həzrət Şövqi Əfəndi
Bəhai Dinində dostlara öz ianələrini biləvasitə Məhfilin xəzinədarına vermək tövsiyyə olunur. Siz ictimai yerlərdə Bəhai fondunun qutularına rast gələ bilməzsiniz. Hətta Bəhai Dünya Mərkəzində də ianələr xüsusi nümayəndə tərəfindən qəbul olunur ki, o, zəvvarları qarşılayır, ianələri qəbul edir, qəbz verir, sonra isə Ümumdünya Ədalət Evi adından təsdiq məktubu təqdim edir. Həzrət Əbdül-Bəha Allah yolunda öz ianəsini təqdim edən hər bir insandan vəsaitlərin alınmasını təsdiq edən məktubları şəxsən imzalayırdı. Belə məktubların nümunələri Azərbaycan Milli Ruhani Məhfilinin arxivlərində də vardır. Məsələn Sağda olan qəbz, Həzrət Əbdül-Bəhanın qələmindən Cənab Əli-Sultana yazılıb. Balaxanılı Əli-Sultan, 1911-ci ildə Müqəddəs Torpağa gedən Mirza Əli-Əkbərə 5 Manat ianə üçün təqdim etmişdi.
Hilalla çox yaxın iş dostluğu ərzində mənim etdiyim digər bir müşahidə onun ianələrinin qeyri-müntəzəm xarakterindən ibarətdir. O, yay vaxtı az, qış vaxtı isə daha çox verərdi, belə ki, qış vaxtı yol şəraiti daha çətin olur və daha artıq xeyir-dua tələb edir. Həzrət Bəhaullahın Yeni Dünya Nizamında təvsiyyə edilir ki, ianələr müntəzəm və hamılıqla verilsin, lakin bu, yol şəaitindən nə qədər qorxduğumuzdan asılı olmamalıdır. İanələrin müntəzəmliliyi bizim şəxsi sağlamlığımız üçün vacibdir, çünki səxavətlilik dərman kimi bizim ruhumuza və fiziki sağlamlığımıza təsir edir və dua, qida və yuxu kimi səxavətliliyi də daim inkişaf etdirmək və müntəzəm olaraq tətbiq etmək lazımdır.
Ümumdünya Ədalət Evi Yerli Ruhani Məhfilləri və inananları Fonda müntəzəm və fədakarlıqla ianə verməyin vacibliyi istiqamətində maarifləndirmək vəzifəsinin ağırlığını başa düşür və O, əmindir ki, siz tez-tez onlara bu işdə hamılıqla iştirakın prinsiplərini xatırladırsınız.
—Ümumdünya Ədalət Evi
Vermək və səxavətli olmaq Mənim sifətlərimdəndir; Xoş o kəsin halına ki, özünü Mənim məziyyətlərimlə bəzəyir.
—Həzrət Bəhaullah
Bütün kainat Onun cəlalını əks etdirir, O, Özü isə yaratdıqlarından asılı deyil və onlardan münəzzəhdir.
—Həzrət Bəhaullah
Bu dünyanın maddi şeylərini Əmrinin tərəqqisi üçün vermək Həzrət Bəhaullahın məhz inananlara və yalnız inananlara verdiyi bir nemətdir. İanənin miqdarı deyil, onun səbəb olduğu fədakarlıq dərəcəsi önəmlidir - zira məhz bu, Allahın təyidlərini cəzb edir.
—Ümumdünya Ədalət Evi
Vəsaitləri nə qədər mütəvaze olsa da, hamı iştirak etməlidir.
—Həzrət Şövqi Əfəndi