Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

5. Müqəddəs Ruh Mənim

Zərfimi Tapa Bilərmi?

...Qısa bir müddət, Əmrdə fəal olmayan dostunuz tərəfindən verilmiş ianə onu yeni xidmətə ruhlandırmaq üçün bir vasitə olacaqdır. Əmrdə heç nə xidmət qədər uğur gətirmir. Xidmət ilahi təyidləri cəzb edən maqnitdir. Odur ki, insanlar fəal olanda, Müqəddəs Ruh onlara xeyir-bərəkət verir. Fəal olmayanda isə, Müqəddəs Ruh onların varlığında yer tapa bilmir və beləliklə onlar onun şəfaverici və canlandırıcı şüalarından məhrum olurlar.

—Həzrət Şövqi Əfəndi

Ey Varlıq Oğlu! Məni sev ki, Mən də səni sevim. Əgər sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bundan agah ol, ey bəndə!

Həzrət Bəhaullah

 

Sovet İttifaqı zamanında mən və mənim bütün dostlarım ateist idik, biz Allaha qarşı və onun bütün dünyada yoxsulların və ehtiyacı olanların qeydinə qala biləcəyinə qarşı çıxırdıq. Biz sosial ədalət tələb edirdik və belə hesab edirdik ki, Allah hamının bərabər pay alacağı dünyanı təmin etməyə qadir deyildir. Yalnız illər keçdikdən sonra, mən Şövqi Əfəndinin bu müdrik kəlamına rast gəldim və o, mənə Allahın bəşəriyyətlə nə cür qarşılıqlı əlaqədə olmasına tamamilə yenidən baxmaq imkanı verdi: “[biz] fəal olmayanda, Müqəddəs Ruh [bizim] varlığımızda yer tapa bilmir”. Təbii ki, bu kəlam mənim şüurumda irəliləyişə səbəb oldu. Bəşəriyyətin çiçəklənməsinin Allahın səxavətli Əlinin xeyir-duasından asılı olduğu bir vaxtda o, həmçinin insandan Tanrının təyidini almaq üçün əlini fəal şəkildə uzatmağı tələb edir.  

 

Görünür Həzrət Şövqi Əfəndinin yuxarıda verilən sitatında söhbət bir müddət Əmrə xidmət etməyən bir xanımdan gedir və güman edilir ki, həmin xanım səmimi ianə verərək qəfil Allaha xidmətə qayıtmışdır. Həzrət Şövqi Əfəndi bu addımı alqışlayır və buyurur ki, onun ianəsi “onu yeni xidmətə ruhlandırmaq üçün bir vasitə olacaqdır”! Ardınca o, söyləyir ki, “Xidmət ilahi təyidləri cəzb edən maqnitdir və insanlar xidmət etməyəndə Müqəddəs Ruh onların varlığında yer tapa bilmir”. Bu bəyanat bir oyandırma çağırışı idi və mənə xatırladırdı ki, xidmət etməyərək laqeyidliklə öz potensialımın  qapılarını Allahın xeyir-duası üçün bağlayıram. 

“Çağlayan Çeşmə”nin bu buraxılışında biz insanların öz səxavət “zərflərini” necə düşüncəsizcəsinə bağladıqlarına və “Müqəddəs Ruhun şəfaverici və canlandırıcı şüalarından məhrum olduqlarına” diqqət yönəldəcəyik. Səxavət təyid üçün necə maqnit olur? Allah nəyə görə bizim səxavətli olmağımızı istəyir? Məgər Allah bizim maddi vəziyyətimizin necə çətin olduğunu görmürmü? O, bizim özümüzə hətta ən zəruri şeylərə - gündəlik qidalanmaya, evə, maşına imkan yarada bilmədiyimizi görməyə bilərmi? Bütün bu səxavətlilik və fədakarlıq nə üçündür? Mənim dostum fədakar ianə verdi, lakin təyid almadı, bizim üçün heç olmasa, təyid alacağımıza dair hər hansı bir zəmanət varmı? Mənə vədə görə öz pulumla risk etmək lazımdırmı? İnkar etmək olmaz ki, bu cür suallar bizim fikrimizdən keçir; sadəcə onları ucadan demək bizim üçün çox ayıbdır. Buna baxmayaraq, bunlar üzərində düşünmək lazım olan vacib suallardır. 

Həzrət Əbdül-Bəhanın dövündə Əkkada bir mömin yaşayırdı ki, mümkün iş yerləri çox az olduğundan o, uzun müddət özünə iş tapa bilmirdi. Onun həyat şəraiti günü-gündən pisləşirdi və o, çox sadə yaşasa da, bir zaman gəldi ki, onun əmanətləri tamamilə tükəndi. O, sadiq bəhai idi və yəqin ki, təyid üçün Həzrət Bəhaullahın məqbərəsində dua oxuyurdu. Bu ehtiyac zamanında normal insani reaksiyadır - biz Allaha üz tutur və dualara qapılırıq. Təəssüf ki, bəzən biz dua etsək də, xidmət fəaliyyətində iştirak etmirik. 

Nəhayət o, səxavət və sevgi mücəssəməsi olan Həzrət Əbdül-Bəhanın yanına gəlməyə qərar verir. O, Həzrət Əbdül-Bəhhanın yoxsullara və ehtiyacı olanlara pul verdiyinin, eləcə də Əkkadakı xəstələrə baş çəkdiyinin dəfələrlə şahidi olmuşdur; buna görə o, əmin idi ki, Müəllim ona da kömək əlini uzadacaqdır. Nəyə görə də O, ehtiyacı olan bəhai yoldaşına kömək etməsin ki? Mömin Həzrət Əbdül-Bəhanın yanına gəlir, öz çətin maddi vəziyyətini ona başa salır və kömək istəyir. Çox düşünmədən Həzrət Əbdül-Bəha həmin möminə Allah yolunda fədakar ianələr verməyi məsləhət görür. Həmin axşam mömin evə əliboş qayıdır və fikirləşir ki: “Mənim heç pulum yoxdur, Sərkar Ağa isə mənə fonda ianə verməyi məsəhət görür. Bəlkə mən Ona öz vəziyyətimi kifayət qədər aydın başa sala bilmədim?” Təəssüf ki, bu hekayə bizim əksəriyyətimiz üçün səciyyəvidir. Biz bilirik ki, bizə nə məsləhət görülür, biz müqəddəs yazıları oxuyuruq, bizə Əsl Təbib tərəfindən dərman verilmişdir, lakin biz evə gələrək düşünürük ki, bizə yazılan dərman bizə uyğundurmu? 

Sərkar Ağa-Həzrət Əbdül-Bəha,

Həzrət Bəhaullahın Əhdin Mərkəzi

Həzrət Əbdül-Bəhanın məsləhətinin tamamilə aydın olmasına baxmayaraq, şübhələr möminə əzab verirdi, çünki bu, onun üçün qəbuledilməz idi. Nəyə görə yoxsul insan Allahdan səxavət istədiyi bir vaxtda, Allah cavabında ona səxavətlə ianə verməyi buyurur? O, belə bir nəticəyə gəlir ki, Həzrət Əbdül-Bəha onu lazımi kimi eşitməyib və buna görə də o, heç bir ianə vermir. Bu hadisənin üstündən bir ay keçir, möminin maliyyə vəziyyəti tamamilə dözülməz olur. O, özünün son bir qədər pulunu da xərcləyib qutarır və artıq yenidən kömək üçün Həzrət Əbdül-Bəhaya üz tutmaq barədə fikirləşir. O, nəzərə almırdı ki, Həzrət Bəhaullahın Yeni Dünya Nizamı Allahla Onun bəndələri arasında fərqli qarşılıqlı münasibətlər qurmuşdur. 

Ey Varlıq Oğlu! Məni sev ki, Mən də səni sevim. Əgər sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bundan agah ol, ey bəndə!

Həzrət Bəhaullah

Nəhayət Əkkadan olan mömin ikinci dəfə Həzrət Əbdül-Bəhaya müraciət etmək üçün cəsarət toplayır. “Hörmətli Sərkər Ağa”, o deyir, “Mən həyatda ən zəruri olanlardan belə tamamilə məhrum olmuşam və artıq dözə bilmirəm. Mən nə etməliyəm?” Sərkar Ağa məhəbbətlə onun birinci dəfə eşitdiyi cavabı verir və ona ianə verməyi məsləhət görür.  

Qeyd etmək lazımdır ki, Həzrət Əbdül-Bəha möminin Allah yolunda hər hansı bir formada ianə vermədiyindən ilahi biliklə xəbərdar idi. Bu, “Çağlayan Çeşmə”nin əvvəlki buraxılışlarında müzakirə olunmuşdur ki, Allah ianə anında bizim səxavətimizi tamamilə xəbərdardır. Həmin insan evə dərin hüzn ilə qayıdır! O, ağlayıb və Allahın mərhəmətini çağıraraq dualar edir. Yəqin ki, Həzrət Əbdül-Bəhanın nəyə görə ona kömək etmədiyi onu karıxdırmışdır. 

Streets of Akká

 

Onlar fəal olmayanda isə, Müqəddəs Ruh onların varlığında yer tapa bilmir və beləliklə onlar onun şəfaverici və canlandırıcı şüalarından məhrum olurlar.

Həzrət Şövqi Əfəndi

 

Həmin gecə mömin Həzrət Əbdül-Bəhanın sözünə qulaq asmağa qərar verir və öz qəlbini inqitaya açır. O, evdəki əşyalarının içində səxavətlə ianə verə biləcəyi şeyləri axtarır və divara şəkil vurmaq üçün iki ədəd çərçivə tapır ki, bunları o, uzun illər ərzində sevərək saxlamışdı. Bundan sonra o, çərçivələri bazara aparıb satmaq və əldə etdiyi pulları Allah yolunda ianə vermək qərarına gəlir. Bazardan geri qayıdan zaman, hətta öz ianəsini kiməsə vermək imkanı yaranana qədər, o, görür ki, onun evinin qabağında iş verən işə götürmək üçün onu gözləyir. İş verən pərişan idi və söyləyir ki, bütün ay boyu onu axtarmışdır. Əkka Bakıdakı İçəri Şəhər boyda kiçik bir qaladır, lakin iş verən nə cürsə orada mömini tapa bilməmişdir. Tamamilə Həzrət Şövqi Əfəndinin bizə buyurduğu kimi alınır: “əgər inanan özünü xidmətə həsr etmirsə, Müqəddəs Ruh onların varlığında yer tapa bilmir”. Həzrət Bəhaullah buyurur, “Əgər sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz”.

Bu hekayədə mənim xoşuma gələn o faktdır ki, mömin hətta hələ ianənin verməyə imkan tapmamışdır, lakin o, xidmət yolunda addım atan kimi ilahi təyid almışdır. Həmçinin qeyd etmək lazımdır ki, mömin şəkl üçün iki divar çərçivəsinin hər ikisini satır, hərçənd ki, ianə vermək üçün birini də satmaq da kifayət edərdi. Buna görə də bu, həqiqətən fədakar ianə idi...

Bir varlıq fədakarlıq meydanına qədəm qoymayınca, o hər cür lütf və fəzldən məhrumdur.

Həzrət Əbdül-Bəha

 

“Çağlayan Çeşmə”nin əvvəlki buraxılışlarında artıq deyildiyi kimi, səxavətli və fədakar ianə həmçinin “həm icmada, həm də bütövlükdə cəmiyyətdə bizim şəxsi ləyaqət hissimizi” bərpa edir. İş götürən hamının qarşısında möminin təmiz bir insan olduğunu eşitdiyini və onu bütün ay boyu axtardığını söyləyəndə yəqin ki, mömin özünü çox şad və ləyaqətli hiss edib. İlahi təyid sadəcə iş tapmaq və ya stolunda qidaya malik olmaq imkanından daha artıqdır. Bu sonsuz bərəkət mənbəyi, daxili sevinc və məmnunluq hissidir.  

 

“Tanrının təyidi” və “Müqəddəs Ruhun şəfaverici və canlandırıcı şüaları” anlayışlarını başa düşmək mümkün olmasa da, şəxsən mən Zati-Müqəddəsləri İsa Məsihin Qaliley dənizinin sahilində 5000 insanı beş çörək və iki balıq ilə yedirib doydurduğu yerdə dayandığım zaman bu sirrin dərinliyinin başa düşülməsinə daha yaxın oldum. 

The sea of Galilee where Jesus blessed the bread and fed 5,000 

 

Sonra Məsih beş çörək və iki ədəd balıq götürdü, üzünü göyə tutaraq dua etdi, onları bölüb həvvarilərinə verdi ki, orda olan beş min nəfərə paylasınlar. Hamı yeyib doydu; yerdə qalanları isə yığdılar, on iki səbət doldu.

Luka İncili

Bir neçə il bundan əvvəl mən Müqəddəs Torpağa səfər etmiş və Qaliley dənizinin yaxınlığındakı Tiberiya şəhərinə baş çəkmişdim. Mənim bu yerə səfər etdiyim zaman orada xristian zəvvarlar yox idi və bütün ətraf dərin sükut və dinclik halında idi. Mən İsa Məsihin suyun üzəri ilə piyada getdiyi yerdə qayıqla üzdüm. Dənizin digər tərəfində Həzrət İsanın 5,000 nəfərdən ibarət camaatı yedirib doyduğu yerə gəldim. Mən yorulmuşdum və bir qədər oturdum. Bu yerlərin sakitliyi özümü dinc və müti hiss etməyə məcbur edirdi, mən gözlərimi yumdum oxumağa başladım: “Allahı xatırlayan və Onu tərifləyən vilayət və ev və yer və şəhər və ürək və dağ və sığınacaq və mağara və dəniz və ada və çəmən bəxtiyar olsun.”

 

Mən Həzrət İsanın orada şəxsən durduğu və insanları yedirdiyi həmin günü təsəvvür etmək istəyirdim. Mən gözlərim yumulu halda düşünürdüm ki, bu hekayə hökmən 5,000 insanın yedirdilməsi haqqında deyil, 2 balıq və 5 çörəkdən nəsə daha dərin bir şey haqqındadır. Bəlkə də Həzrət İsa öz Həvvarilərinə göstərmək istəmişdir ki, bizim Tanrının təyidi əbədi, heç vaxt tükənməyən, bol və zəngindir. Bəlkə də Həzrət İsa istəmişdir ki, onun ardıcılları Allah verəndə bunun heç vaxt tükənmədiyini və həmişə hələ artıq da qalacağını öz gözləri ilə görsünlər. Bəlkə də həmin o tarixi gündə Həzrət İsa öz tərəfdarlarına “doğru yaşamın sirrini” göstərmək istəmişdir. 

Biz çağlayan çeşmə kimi olmalıyıq, bir çeşmə ki, davamlı olaraq özünü tam boşaldır və görünməz mənbədən daima dolur. Yoxsulluq qorxusundan çəkinməyərək, bütün sərvətin və xeyirlərin Mənbəyinin kəsilməz nemətinə təvəkkül edərək, öz insanlarımızın xeyri üçün daima verici olmaq!  - doğru yaşamın sirri budur...

—Həzrət Şövqi Əfəndi

 

Səyahət davam edir...

 

Növbəti bölüm: Ruhani Məhfilin Xəzinədarı …

This site is administered by the National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan.  The material presented here was first published in 2001 through 2006.  For questions regarding this site kindly 

contact us at:  AzerbaycanBahaiIcmasi@gmail.com

© All rights reserved