Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

1. Mən və

Mənim Zərfim

Allah heç bir zaman və heç bir şəraitdə Öz yaratdıqlarından asılı olmamışdır.

Həzrət Bab

Əgər bir şəxs öz ianəsini son dərəcə məmnuniyyətlə vermək istəyirsə, onun qəbuluna izn verilir, əks halda bizim mərhəmətli Rəbbimiz bütün bəşəriyyətdən asılı deyildir.

—Həzrət Bəhaullah

Bu, Allah yolunda verilən ianələr barədə Bəhai Yazılarındakı hikməti açmaq məqsədilə şəxsi səyahət hekayəsidir. Nəzərdə saxlanmalıdır ki, bu bülletenlərdə paylaşılan hekayə və hadisələr bir şəxsin Bəhai ianələrinin ruhani mahiyyəti barədə araşdırmalarına əsaslanır. Hər bir kəs Müqəddəs Yazıları müstəqil surətdə öyrənməli və öz həyat səfərindən səmavi göstərişlər mirvarisini çıxarmalıdır. Mənə gəldikdə, öz qorxumu boğub Allah yolunda səxavətlə və fədakarlıqla ianə  verməyi öyrənmək üçün çox düşüncəli qərar vermək lazım gəldi. Mənim səyahətim Müqəddəs Yazıları öyrənməkdən başladı və əvvəllər mən şüurumda heç bir dəyişiklik hiss etmirdim. Bəhai Fondu qarşısında öz ruhani öhdəliklərimi yerinə yetirmək üçün məni yönəltməkdən ötrü mən Həzrət Bəhaullaha üz tutub ondan kömək diləməli oldum. Ancaq bundan sonra mən ruhani bəhrələri dadmağa başlaya bildim. 

Əgər insanlar Allahın yazdığı hökmlərin ləzzətini dadsaydılar və onlardan gələn faydanı açsaydılar, onlar, mütləq, hamısı bir nəfər kimi, son dərəcə sevinc və şövqlə onları yerinə yetirərdilər. Biz Haqq olan Allaha yalvarırıq ki, Ona yaraşan və məqbul olan şeylərə əməl etməkdə hər kəsə kömək olsun.

—Həzrət Bəhaullah

Yolçu bütün bu səfərlərdə həqiqətən “Təriqətin” sirri və “Həqiqət” ağacının bəhrəsi olan “Şəriətdən” bir tük qədər də kənara çıxmamalıdır ...o, hökmlərə itaətin ətəyindən yapışmalıdır.

—Həzrət Bəhaullah

 

Bu gün mən Bəhai Fondu ilə əlaqədar öz təcrübəm barədə yazıram. Mən inandım ki, “bu Təriqətin sirri” itaətin ətəyindən yapışıb Allahın ehkamlarını böyük sevinc və həvəslə yerinə yetirənlər üçün nəzərdə tutulmuşdur. Sadəcə ianələrin lazım olduğunu anlamaq onlarda gizlənən mistik faydaların üstünü açmır. Həzrət Əbdül-Baha buyurur: “Sağlamlığın yaxşı olduğunu düşünmək sağlamlıq yaratmır”. Beləliklə, bu səfərdə yolçu onun ecazkar ruhani faydalarını dadmazdan əvvəl qorxmadan fədakarcasına ianə vermə yoluna düşməlidir. 

Həzrət Əbdül-Bəha- Bəhai Dininin Əhdin Mərkəzi

Sağlamlığın yaxşı olduğunu düşünmək sağlamlıq yaratmır...

—‘Abdu’l-Bahá

Siz elə zənn etməyin ki, Biz sizə sadəcə hökmlər nazil etdik. Yox, Biz qüdrət və qüvvət barmaqları ilə möhürlənmiş kuzənin ağzını açdıq.

Bahá’u’lláh

Əgər “Allah heç bir zaman və heç bir şəraitdə Öz yaratdıqlarından asılı olmamışdırsa”, o zaman biz nəyə görə Fonda ianə veririk? Biz səxavətlə və fədakarcasına ianə verdiyimiz zaman nə baş verir? Bəhai Fonduna ianə vermək sadəcə nağd pul ötürmək deməkdirmi? Allah tərəfindən təyin edilmiş ehkamların şirinliyini dadmaqda və onlardan çıxan faydaları aşkar etməkdə o bizə necə kömək edə bilər? O, hansı yolla seçilmiş Şərabın damcısıdır? 

Bəhai Müqəddəs Yazılarından tamamilə aydındır ki, Allah dünyəvi maddiyyatdan asılı deyildir. O zaman, şübhəsiz ki, ianə Allahın firavanlığı üçün deyildir! Burada hansısa başqa bir məqsəd olmalıdır. Bir insanı varlıq olaraq biz “Fond qutusu”, bir neçə “zərf” və “Xəzinədar” adlanan və zərfləri yığaraq onların içindən nə çıxdığı barədə icmaya hesabat verən bir kəsi görürük. Bu bizim böyük Allahın etdiyi şeydir? O, eləcə Öz yaratdıqlarından pul yığmaqla məşğuldur? 

Xəzinədar

Bizim bəzilərimiz pulu zərfin içərisin qoyur, onu xəzinədara verir və sonra bütün fikrimizi Ruhani Məhfilin “bizim pulları” necə xərclədiyinə cəmləşdiririk. Bəzən, dostlar hətta bu məsələni bir-biri ilə müzakirə etmək inadkarlığı da göstərirlər. Əgər onlar Ruhani Məhfilin pulları necə xərclədiyi ilə razıdırlarsa, daha artıq verə bilərlər; əks halda onlar hətta ianə verməyi dayandıra bilərlər. Bu cür yanaşma tədricən icmanı Müqəddəs Yazılarda vəd edilmiş xeyir-dualardan və dəyişikliklərdən uzaqlaşdırır. Təbii ki, bu yanaşma ümumi deyildir, lakin belə hallar baş verir. Mən özüm də onun qurbanı olmuşam. Hətta mən “Mənim Zərfim”i fiziki olaraq xəzinədara verdikdə belə, mənim düşüncəmin bir hissəsi “Mənim Zərfim”in yanında qalırdı. Mən hətta dostlarla oturub çay içəndə Ruhani Məhfilin vəsaitləri hara xərcləməsinin daha yaxşı ola biləcəyini müzakirə edə bilərdim – daha çox kitab çap etmək, daha yaxşı materiallar almaq, daha yaxşı podratçılar tutmaq və s. Bu o demək deyildir ki, Ruhani Məhfil vəsaitləri səmərəli xərcləməli deyil, lakin ianənin məqsədi bundadırmı? Məgər Allahın yolunda vermək yalnız öz arzularımıza uyğun olması bizi narahat edən yeni telefon almaqla eynidirmi? 

Təəssüf ki, mən Allah yolunda ianə verməyi belə dərk edirdim. Münasibətim ruhumu tutqunlaşdırırdı və mən “Mənim Zərfim” barədə nə qədər çox sual qaldırdıqca, institutları bir o qədər çox şübhə altına qoyurdum. Mən həqiqətən yanlış “yolda” idim. Həzrət Əbdül-Baha deyir: “İnamınız nə qədərdirsə, o qədər gücünüz və təyidiniz olacaqdır”. Həzrət Bəhaulladan mənim ianələrimi qəbul etməyi diləmək əvəzinə mən psixoloji olaraq “Mənim Zərfim”ə bağlı qalır və onunla nə baş verdiyini bilmək istəyirdim. Mən buna aludə idim. Sözün doğrusu, mən bir gün görkəmli Bəhai natiqin iştirakı ilə həyatımı həmişəlik dəyişən bir şeir eşitməyənə qədər heç vaxt Allahdan ianələrimi qəbul etməyi diləməmişdim. Natiq dedi ki, əgər ianə verən bir taxıl dənəsi qədər narazılıqla verirsə, onun ianəsi Allahın nəzərində qəbul olunmayacaqdır.

Əgər bir şəxs öz ianəsini son dərəcə məmnuniyyətlə vermək istəyirsə, onun qəbuluna izn verilir, əks halda bizim mərhəmətli Rəbbimiz bütün bəşəriyyətdən asılı deyildir.

—Həzrət Bəhaullah

 

Bəxşişlərin qəbulu, bu hökmü yerinə yetirən pak qəlblərin göstərdikləri sevinc, yoldaşlıq və məmnunluq ruhundan asılıdır. Əgər münasibət belədirsə, ianəni qəbul etməyə izn verilir, əks halda yox. Həqiqətən, Sənin Rəbbin Kifayət Edən və Tərif Olunandır.

—Həzrət Bəhaullah

 

Əgər Həzrət Bəhaullah mənim ianələrimi qəbul etməyi arzulamırsa, o zaman mən “Mənim Zərfim”i kimə verirəm? O gecə natiqin çıxışı mənim ruhumu vəcdə gətirdi və özümdən məyus oldum, hətta utandım. Natiq öz çıxışını davam etdirdikcə, mən sanki oturduğum stulda sıxılırdım. Görüşdən sonra mən bütün Orucluq ayını Həzrət Bəhaullahdan mənə qarşı mərhəmətli olmasını və mənim gözlərimi açmağı diləməyə həsr etməyi qərar verdim. Həmin il öz azərbaycan dilindəki dua kitabımın 294-298-ci səhifələrindəki Orucluq dualarını dəfələrlə oxumağımı heç vaxt unutmaram. 

İlahi, mənim gözlərimi və Səni axtaranların hamısının gözlərini aç... Məni o kəslərdən etmə ki, Sənin sözlərini oxuyurlar, lakin Sənin buyurduğun kimi, Sənin məxluqlarının qəlblərini və bəndələrinin ürəklərini canlandıran sirli bəxşişlərini tapa bilmirlər.

—Həzrət Bəhaullah

 

Həzrət Bəhaullah məni mərhəmətlə istiqamətləndirdi. Bir neçə ildən sonra gənclərlə böyük yumor hissi ilə söhbətləşən digər bir Bəhai natiqin iştirakı ilə keçən görüşdə mən Hacı Amin barədə əhvalatı eşitdim. Natiq danışdı ki, Həzrət Bəhaullah Hacı Amini Hüququllah (Allahın haqqı) üzrə müvəkkil təyin etmişdir. Hacı Amin müxtəlif şəhər və ölkələrə səyahət edərək dostları ziyarət edirdi və Həzrət Bəhaullah tərəfindən Hüququllah üzrə müvəkkil təyin edildikdən sonra dostlar Həzrət Bəhaullaha çatdırmaq üçün öz ianələrini ona verirdilər. Hacı Amin çox çalışqan bəndə idi və Həzrət Şövqi Əfəndinin zamanına qədər on illər boyunca xidmət etmişdir. Həzrət Əbdül-Bəhanın dövründə öz səyahətlərinin birində Hacı Amin əlverişsiz hava şəraitinə və yorucu yollara baxmayaraq minlərlə kilometri piyada qət etmişdir. O, yoldakı soyğunçulardan müdafiə üçün dayanmadan dualar oxuyur və nəhayət böyük məbləğdə ianələrlə birlikdə Əkkaya gəlib çıxır. Burada yerləşəndən sonra Hacı Amin diqqətlə öz hesabatını hazırlayır, bütün ianələri parçadan tikilmiş gözəl çantaya qoyur və Həzrət Əbdül-Bahanın onu çağırmasını gözləyir. Hacı Amin öz Tanrısına bu qədər zəruri bir məbləği çatdıracağına görə ürəyində böyük bir sevinc hiss edirdi. 

Hacı Amin Bakı Bəhailəri ilə 1915

Allah heç bir zaman və heç bir şəraitdə Öz yaratdıqlarından asılı olmamışdır.

—Həzrət Bab

 

Natiq danışırdı ki, Həzrət Əbdül-Bəha ilə görüş günü Hacı Amin Zati-Müqəddəslərin olduğu otağa girir. O, ehtiramla zərif çantanı Həzrət Əbdül-Bahanın qarşısına qoyur və Həzrət Əbdül-Bəha iltifatla təsdiq edir ki, Allah artıq dostların Allah yolunda səxavətlə və fədakarlıqla verdikləri ianələri qəbul etmişdir və onlara xeyir-dua arzu edir. Hacı Amin səbrlə ondan hesabat tələb olunacağını gözləyirdi, əvəzində isə Həzrət Əbdül-Bəha hər bir yerdəki sevimli dostlar barədə, onların birliyi və mətinliyi barədə soruşur və hətta arada həmin dostları adları ilə xatırlayırdı. Söhbət davam edən zaman otağa bir nəfər daxil olur və çətin vəziyyətdə olduğunu bildirərək ona maddi kömək göstərilməsini xahiş edir. Həzrət Əbdül-Baha həmin adama şəfqətlə yanaşır və Allaha onun çətinliklərinə kömək olması üçün dua edir. O, qarşısındakı çantaya işarə edir və adama onu götürməyi buyurur. Həmin adam minnətdarlıqla çantanı götürərək çıxıb gedir. Həzrət Əbdül-Bəha söhbətə davam etdiyi vaxt Hacı Amin tam həyəcan vəziyyətinə düşür. O, fikirini cəmləşdirə bilmirdi və Həzrət Əbdül-Bahanın Əmr üçün nəzərdə tutulmuş bu qədər böyük bir məbləği başqasına verməsindən dərin narahatlıq keçirirdi. 

Natiq hekayəyə davam edərək bildirdi ki, Hacı Amin Həzrət Əbdül-Bəhanın pulları necə xərclədiyindən ovqatı təlx olur və Onun hüzurunu tam məyusluqla tərk edir. Hacı Aminin ona minlərlə kilometr məsafəni dolaşmağa imkan verən inamı sınaq qarşısında qalmışdır. Bu cür sınağın əhəmiyyətini təsəvvür etmək mümkün deyil, lakin bu təcrübə, şübhəsiz ki, ianə məsələsində Hacı Aminin baxışlarının formalaşmasına kömək edir. Yəqin ki, Həzrət Bəhaullahın dostlara ianə vermək çağırışı nağd pul vəsaitlərinin yığılmasına yönəlməmişdir, o,  daha dərin dəyişiklikləri – bizim ürəklərimizdə sevginin, fədakarlığın və səxavətin inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Bəlkə də ianələrin əsas məqsədinə vəsaitlərin necə istifadə olunacağı barədə bizim arzumuzun həyata keçdiyi vaxt deyil, biz bu keyfiyyətləri nümayiş etdirdiyimiz zaman nail olunur. 

Verilmiş ianə Onun qəbulu ilə şərəfləndikdən və Hacı Amin tərəfindən hesabat verildikdən sonra, o məbləğin iki mislinin yoxsullara və möhtaclara verilməsi əmr edilirdi. Buna bəsirəti olan hər bir insaf əhli və doğruçu və etibarlı olan kəslər şəhadət verir.

—Həzrət Bəhaullah

Söyləyirlər ki, Hacı Amin belə bir zarafat edirdi: “Həzrət Əbdül-Baha, Allah Əhdinin Mərkəzi və Allahın yerdəki sirridir, lakin o, mühasib deyildir!” Doğrudan da o, haqlı idi. Həzrət Bəhaullahın yuxarıda qeyd olunan mülahizəsi və Həzrət Əbdül-Bəhanın yoxsul insanla necə davrandığı mühasibatlıq nöqteyi-nəzərinə bənzəmir. Allahın öz yaratdıqlarının ianələrindən asılı olmamasından başqa, O, aldığı məbləğinin iki mislini yoxsullara və möhtaclara verir. Hacı Aminin hekayəsi məni “Mənim Zərfim”i Xəzinədara verdikdən sonra hələ bir neçə ay ərzində Ruhani Məhfilin xərcləri barədə düşündüyüm günləri xatırlamağa məcbur etdi. Bu əhvalat mənə onu öyrətdi ki, rüşeym doqquz aydan sonra deyil, mayalandığı an ruh aldığı kimi, “Mənim Zərfim” öz təyinatına Allahın mənim müasibətimi qəbul etdiyi an çatır. Mənim münasibətim ondan sonar dəyişdi,  çünkü başa düşdüm “Mənim Zərfim”, onu verdiyim an, İlahi təyidin təsdiqini almaq potensialına malikdir. Allahın təyidini almaq üçün mənim etməli olduğum yeganə şey son dərəcə məmnuniyyət, sevinc və ...  səbat münasibətini inkişaf etdirməkdir. 

Əgər bir kəs son dərəcə məmnuniyyət və sevinclə və hətta səbat nümayiş etdirməklə Onun təyidinə qovuşmağı arzulayarsa, onun ianəsini qəbul edə bilərsən. Əks halda qəbul etməyə yol verilmir. 

—Həzrət Bəhaullah

 

Səyahət davam edir...   

 

Növbəti bölüm: Səxavətin dərəcəsi...

This site is administered by the National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan.  The material presented here was first published in 2001 through 2006.  For questions regarding this site kindly 

contact us at:  AzerbaycanBahaiIcmasi@gmail.com

© All rights reserved