Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur
Hüququllah
Hüququllah
Bəhai Fondu
Vacib sayılır
Bir şəxsin xalis gəlirinin tam 19 faizinə bərabərdir
Ümumdüya Ədalət Evinə təqdim edilir
15 və daha yuxarı yaşda olanlara vacib sayılır
Gəlir 19 misqal qızıla çatdığı zaman vacib sayılır
Könüllü xarakter daşıyır
İnsanın son dərəcə səxavətlilik və fədakarlığından asılıdır
Ruhani Məhfilə təqdim olunur
Uşaqlar da daxil olmaqla, istənilən şəxs istənilən yaşda verə bilər
Nə qədər yoxsul olmasından asılı olmayaraq, hər bir kəs iştirak etməlidir
Hüququllah (Allahın haqqı)
və Bəhai Fondu
Bu veb-sayt Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili tərəfindən inananlara bəhai ianələrinin ruhani prinsipləri barədə təlim vermək üçün işlənib hazırlanmışdır. O, Hüququllah (Allahın haqqı) qanunundan fərqlənir. Hüququllah haqqında öyrənmək istəyən dostlara öz icmalarındakı Hüququllah üzrə nümayəndə ilə məsləhətləşmək tövsiyə olunur.
Bununla belə, biz sizinlə bir neçə məqamı bölüşə bilərik. Kitab-i-Əqdəs xərcləri çıxıldıqdan sonra gəlirləri 19 misqala çatan 15 yaşını keçmiş bəhai üçün Hüququllahı vacib öhdəlik təyin edir. Bir misqal təxminən 3,642 qrama bərabərdir; buna görə də, bu rəqəm 19-u 3,642-yə vuraraq qızılın bir qramının qiymətinə vurmaqla hesablana bilər. Şəxsin gəliri bu məbləğə çatdığı zaman xalis gəlirin 19 faizini Allahın Haqqı kimi ianə vermək vacib sayılır. Hüququllahın məbləği Hüququllah institutları vasitəsilə Ümumdüya Ədalət Evinə çatmalıdır. Bütün dünyadakı bəhailərə bu müqəddəs qanun barədə öz icmalarındakı Hüququllah üzrə nümayəndə ilə məsləhətləşmək tövsiyə olunur.
Hüququllah ödənişləri istənilən şəxsə verilə bilməz. Bu sözləri hökmran Həqiqət olan Kəs söyləyir. Hüququllah etibarlı insanların himayəsi altında saxlanmalı və Əmrin Əminləri vasitəsilə Onun müqəddəs dərgahına təqdim olunmalıdır.
‑Həzrət Bəhaullah
Hüququllah hər bir inanan üçün vacib öhdəlik kimi təyin olunduğu bir vaxtda, Bəhai fondunda iştirak öz mahiyyəti etibarilə qəti olaraq könüllü xarakter daşıyır. Bu veb-saytda təqdim olunan təlim materialları Bəhailəri öz səyahətlərində səxavətlilik və fədakarlıq qabiliyyətlərini inkişaf etdirmək, geniş kütlələrin dəyişməsi üçün baxışlar doğurmaq, fərdi özünəhörmət və ləyaqət hissini möhkəmləndirmək, icma qurmaq və bütün bəşəriyyətə sevgi nümayiş etdirmək üçün tədbirlər görməyə ruhlandırır. Bununla əlaqədar olaraq Ümumdüya Ədalət Evi aydın şəkildə izah etmişdir ki, Bəhai fonduna ianələr vermək eyni vaxtda həm öhdəlik, həm də xoşbəxtlik mənbəyidir.
Müqəddəs ayələrdə Hüququllahla bağlı “səxavətlilik” və “fədakarlıq” sözlərinə rast gəlinmir, çünki onun məbləği Kitab-i-Əqdəsdə bütün zəruri xərclərin çıxılmasından sonra qalan xalis gəlirin on doqquz faizinə bərabər təyin edilmişdir. O, səxavətlilik və ya fədakarlıq hisslərinin təsiri altında dəyişmir. Həqiqətən də, hər hansı bir şəxs Hüququllahı ödədiyi zaman bu, onun səxavətliliyi üzündən deyil, daha çox Ən Müqəddəs Kitabda verilən qanuna sədaqətlə riayət etməsi və itaətkarcasına tabe olması ilə bağlı baş verir. Ümumdüya Ədalət Evi bu iki institutu bir-birindən fərqləndirir və dostlara Hüququllah qanununu özünün Bəhai fonduna səxavətli və fədakar ianələri barədə qərar qəbul edənə qədər yerinə yetirməyi məsləhət görür. Bundan başqa, Fonda verilən ianələr Hüququllah ödənişinin hesablanması zamanı insanın gəlirlərindən çıxılmır.
Əmrin fondlarına verilən ianələr Hüququllah ödənişinin bir hissəsi kimi nəzərdən keçirilə bilməz; ...əgər kimsə Hüququllah verməlidirsə, lakin həm onu ödəyib, həm də Fonda ianə verməyin öhdəsindən gələ bilmirsə, Hüququllah ödənişi ianə verməkdən üstün tutulmalıdır. Lakin bir kəsin Hüququllah ödəməli olduğu vəsaitlərinin məbləği hesablanarkən Fonda verilən ianələrin xərc kimi nəzərdə tutulub-tutulmaması məsələsinə gəldikdə isə bu, hər bir fərdin vəziyyətindən asılı olaraq onun öz ixtiyarına buraxılır.
‑Ümumdüya Ədalət Evi
Bu məqsədlə [Ruhani Məhfilin fəaliyyətlərini dəstəkləmək] ianə vermək Allahın Əmrinin ən təkidli tələblərindən biridir, olduqca mühüm hesab edilir və birinci dərəcəli əhəmiyyətə malikdir. Bu, Hüququllahın ödənişindən sonra hər bir bəhainin başlıca öhdəliyidir.
‑Həzrət Şövqi Əfəndi
Hüququllahın verilməsi zamanı Allahdan kömək istəmək üçün dua
Təriflər Sənə, Ey bütün xilqətin Rəbbi, Ey bütün şeylərin qayıdacağı Kəs. Mən batini və zahiri dilimlə şəhadət verirəm ki, Sən Özünü aşkar və zahir etdin, Öz əlamətlərini göstərdin və sübutlarını bəyan etdin. Mən Sənin Özündən başqa hər şeydən ehtiyacsız olmağına və Sənin bütün yer üzü şeylərindən pak olmağına şəhadət verirəm. Səni and verirəm Sənin Əmrinin ali cəlalına və Sənin Sözünün uca qüdrətinə, Sənin Öz Kitabında buyurduğunu yerinə yetirmək və Sənin qəbulunun ətrini yayan şeylərə əməl etmək istəyənə təyid bəxş eylə. Həqiqətən, Sən ən Qüdrətli, Ən Cəlallı, Ən Bağışlayan, Ən Səxavətlisən.
‑Bəhaullah